Bakıda TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının ikinci toplantısı işə başlamışdır

 

İyunun 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının ikinci toplantısı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm NazirliyininTÜRKSOY-un dəstəyi ilə reallaşan toplantıda Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında və başqa türkdilli ölkələrdə fəaliyyət göstərən aparıcı teatrların direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov toplantıda qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə olunacağını vurğulamışdır.

Azərbaycan teatrının 140 və TÜRKSOY-un 20 illik yubileyi ərəfəsində keçirilən toplantının böyük tarixi əhəmiyyət daşıdığını söyləyən natiq ötən müddətdə türkdilli ölkələr arasında qarşılıqlı maraq doğuran bir çox mühüm layihələrə imza atıldığını söyləmişdir. Bildirmişdir ki, bu layihələrin nəticəsi olaraq teatr sahəsində birgə əməkdaşlıq xalqlarımız arasında dostluq əlaqələrinin daha da güclənməsinə təkan verməkdədir.

Diqqətə çatdırılmışdır ki, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurası 2011-ci ilin mayında yaradılmışdır. Şura türkdilli ölkələrdə fəaliyyət göstərən aparıcı teatrların tanınması və bu sənət məbədləri arasında əlaqələrin daha da sıx qurulması baxımından ardıcıl işlər həyata keçirməkdədir.

Tədbirdə TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və Türkiyə Dövlət Teatrlarının baş direktoru Mustafa Kurt çıxış edərək son illər türkdilli ölkələr arasında birgə sənət yarışmalarının keçirilməsindən, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən söz açmışlar.

Vurğulanmışdır ki, son illər böyük inkişaf yoluna qədəm qoymuş Azərbaycan teatrları müştərək layihələrin reallaşmasına öz töhfəsini verməkdədir.

Toplantıda Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı yeni çapdan çıxmış "TÜRKSOY teatr almanaxı"nın birinci nömrəsini iştirakçılara təqdim etmişdir.

Bildirilmişdir ki, hər il işıq üzü görəcək almanaxa türkdilli ölkələrin yazıçılarının pyesləri daxil ediləcəkdir. Almanaxın birinci nömrəsində hər bir xalqın öz dilində, ümumilikdə, 12 pyes yer almışdır.

Tədbirdə Azərbaycan teatrının 140 illiyi münasibətilə hazırlanmış videomaterial nümayiş etdirilmişdir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının ikinci toplantısı iyunun 26-da yekunlaşacaqdır.

 

Azərbaycan.-2013.- 26 iyun.- S.7.